2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarətinin müsbət saldosu $1 mlrd. 784,669 mln. təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 0,4% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Bu ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $10 mlrd. 522 mln. 54,35 min (azalma 6,9%) təşkil edib.
Bununla yanaşı, hesabat dövründə ixracın həcmi $6 mlrd. 152 mln. 362,04 min, idxalın həcmi $4 mlrd. 369 mln. 692,31 min təşkil edib. 2016-cı ilin analoji dövrü ilə müqayisədə ixracın həcmi 6,1%, idxalın həcmi isə 8,2% azalıb.
İxracın strukturunda 72% neftin, 2,9 neft məhsullarının, 10,88% təbii qazın, 0,42% elektrik enerjisinin, 4,12% meyvə-tərəvəz məhsullarının, 0,09% çayın, 0,15% bitki və heyvan mənşəli yağların, 0,49% qəndin, 0,23% spirtli və spirtsiz məhsulların, 0,65% kimya məhsullarının, 1,13% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 0,42% pambıq, 015% pambıq ipliyin, 0,8% qara metal və ondan hazırlanan məmulatların, 1,09% alüminium və ondan hazırlanan məmulatların, 4,48% digər məhsulların payına düşüb.
İdxal məhsullarının strukturunda 17,13% ərzaq məhsullarının, 2,01% tütün və tütün məhsullarının, 0,09% sementin, 2,27% əczaçılıq məhsullarının, 3,63% plastik kütlələr və onlardan hazırlanan məmulatların, 2,55% odun və agac məhsullarının, 9,49% qara metal və ondan hazırlanan məmulatların, 21,82% maşın, mexanizm və elektrik aparatlarının, o cümlədən onların ehtiyat hissələrinin, 10,89% nəqliyyat vasitələri və onların ehtiyat hissələrinin, 1,06% mebelin, 29,06% digər məhsulların payına düşüb.
2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət əməliyyatlarında 4,72 min özəl və dövlət müəssisəsi və 5,145 min fiziki şəxs iştirak edib.
Yanvar-iyul aylarında Azərbaycan dünyanın 176 ölkəsi ilə ticarət əməliyyatları həyata keçirib.
Bu dövrdə Azərbaycan əsas ixrac əməliyyatlarını İtaliya (ümumi ixracın 22,57%-i), Türkiyə (12,46%), Çin (5,54%), Rusiya (5,35%), əsas idxal əməliyyatlarını isə Rusiya (17,99%), Türkiyə (15,75%), Çin (9,96%), ABŞ (8,72%), Almaniya (4,62%) həyata keçirib.**
N.Abbasova