2017-ci ilin birinci yarısında Avrasiya nəqliyyat dəhlizi (TRACECA) çərçivəsində Azərbaycan ərazisi ilə yük daşımalarının həcmi 25 mln. 650,8 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 7,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
TRACECA çərçivəsində yüklərin 6 mln. 614 min tonu və ya 25,8%-i dəmir yolu nəqliyyatı, 15 mln. 512,7 min tonu və ya 60,5%-i avtomobil nəqliyyatı, 3 mln. 524,1 min tonu və ya 13,7%-i dəniz nəqliyyatının payına düşüb.
Yanvar-iyun aylarında TRACECA çərçivəsində yükdaşımaların ümumi həcmində 5 mln. 37,3 min ton və ya 19,6% tranzit yüklərin payına düşüb.
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi (Avropa İttifaqının TRACECA proqramı) Frankfurtu (Almaniya) Şanxayla (Çin) birləşdirir.
Proqramın iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Bolqarıstan, Rumıniya, Ukrayna, Moldova, Türkiyə, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan və Əfqanıstandır.**
N.Abbasova