İslamabad Dağlıq Qarabağ məsələsində çox prinsipial mövqeyə malikdir. Bu barədə bazar ertəsi Pakistanın Azərbaycandakı səfiri Səid Xan Mohmad bəyan edib.
“Mən Azərbaycana Kəşmir məsələsindəki mövqeyinə görə təşəkkür edirəm. Pakistanın da Dağlıq Qarabağ məsələsində çox prinsipial mövqeyi var”, - səfir Pakistanın müstəqilliyinin elan olunmasının 70 illiyi münasibəti ilə bu ölkənin Bakıdakı səfirliyində bayraqqaldırma mərasimində bildirib.
Onun sözlərinə görə, 2017-ci ildə Azərbaycan və Pakistan diplomatik əlaqələrin “gümüş ili”ni qeyd etdi. Diplomatik münasibətlərin 25 ili ərzində bu əlaqələr yüksək səviyyəyə çatıb.
“Münasibətlərimiz hər zaman güclü olub və hər keçən gündə daha da güclənir. Bunun əsasında güclü, qardaş, isti əlaqələr durur. Qarşılıqlı münasibətlərimiz bütün sahələrdə inkişaf edir. Onlar strateji tərəfdaşlıqdan daha yüksəkdir”, - diplomat qeyd edib.
Rəsmi İslamabad Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində dəfələrlə Azərbaycanın mövqetyini dəstəklədiyini bəyan edib. **
F.İsazadə