Paytaxt polisi Bakıda 300 min manata yaxın məbləğdə mənzil oğurluğunda şübhəli bilinən şəxsi tutub. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.
“Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Xəzər RPİ 1-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Buzovna qəsəbəsində iri mənzil oğurluğunda şübhəli bilinən Elvin Piriyev tutulub”, - məlumatda deyilir.
O, Xəzər rayonu Buzovna qəsəbəsindəki evlərdən birində seyfdən 75 min manat, 11 min ABŞ dolları, habelə 200 min manat dəyərində qızıl əşyalar və “Vinçestr” markalı tüfəng aparmaqda şübhəli bilinir.
“Cinayəti törədərkən E.Piriyev açıq qalmış qapıdan girib orada xadimə işləyən qadının əllərini və ayaqlarını kəmərlə bağlayıb”, - məlumatda qeyd olunur.
Hazırda şəxsiyyəti müəyyən edilən daha 3 nəfərin tutulması istiqamətində tədbirlər görülür. **
R.Babayev