Azərbaycanın gömrük orqanları xaricdə istehsalı olunmuş aksiz markası ilə markalanmamış iri partiya siqaret aşkar ediblər. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
“Biləsuvar Gömrük İdarəsinin əməkdaşları Türkiyə vətəndaşı Yıldırım Süleymanın soyuducu yük avtomobilinə baxış zamanı 430 minə yaxın xaricdə istehsalı olunmuş siqaret aşkar ediblər”, - məlumatda qeyd edilir.
Avtomobil postunda İran İslam Respublikası, Azərbaycan Respublikası və Gürcüstan ərazilərindən tranzit keçməklə İraq Respublikasından Türkiyə Respublikasına hərəkət edib.
Baxış zamanı avtomobilin qoşqusunun sağ tərəfdən aşağı hissəsindəki metal lövhələrə fiziki müdaxilə olunduğu nəzərdən qaçmayıb. Sonra həmin metal lövhələr açılıb və lövhələrin arxasında, qoşqunun döşəməsinin alt hissəsindəki boşluqlardan malların aşkar edilməsini çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış, 800 ədəd üzərində “GSS”, 1800 ədəd üzərində “Brilliant”, 5 min ədəd üzərində “OSCAR”, 6000 ədəd üzərində “KİNG”, 8 min ədəd üzərində “MM” və 408 min ədəd üzərində “Victory” yazısı olan, ümumilikdə 429,6 min ədəd siqaretlər aşkar edilib. **
R.Babayev