Dövlət Sərhəd Xidmətinin (DSX) bölmələri tərəfindən Xəzər dənizində terrorçu qrupların zərərsizləşdirilməsi və dəniz təhlükəsizliyinin təmin olunması üzrə taktiki təlim keçirilib. Bu barədə DSX-nin məlumatında deyilir.
“İtisürətli və yüksək üzmə qabiliyyətinə malik, mükəmməl naviqasiya və radiotexniki avadanlıqlarla, müasir silahlarla təchiz edilmiş sərhəd gözətçi gəmiləri taktiki təlimdə yüksək manevr imkanları və döyüş qabiliyyəti nümayiş etdiriblər”, - deyə məlumatda bildirilir.
Taktiki təlimin əsas məqsədi Xəzər dənizində neft-qaz yataqları, sualtı boru kəmərlərinin mühafizəsinin təşkili və döyüş əməliyyatlarının aparılması zamanı Dövlət Sərhəd Xidmətinin silahlı birləşmələrinin döyüş hazırlığının yüksəldilməsi, qarşılıqlı fəaliyyətdə komandir heyətinin idarəetmə bacarığının inkişaf etdirilməsi, dənizdə sərhəd axtarışının aparılması, helikopterlərin və gəmilərin raket-artilleriya qurğularından atışların keçirilməsi üzrə praktiki vərdişlərin təkmilləşdirilməsi olub.
Təlimlər üç mərhələdə keçirilib.*
R.Babayev