Azərbaycan Çinlə baramaçılıq, çəltikçilik və çayçılıq sahələrində əməkdaşlığın dərinləşməsində maraqlıdır. Bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Çin Xalq Respublikasının “Norinco İnternational Cooperation Ltd” şirkərinin idarə heyətinin sədri Vang Yuetao ilə görüşdə deyib.
“Azərbaycan Qax Damazlıq-İpəkçilik Stansiyasının tam yenidən qurulması üçün Çin təcrübəsindən istifadə etməklə, rayonda müasir tipli zavodun tikintisini həyata keçirəcək”, - deyə Kənd Təsərrüfatı Nazirliyinin məlumatında İ.Quliyevə istinadən bildirilir.
O xatırladıb ki, keçən il Azərbaycanda baramaçılığı inkişaf etdirmək üçün Çindən 6 min qutu barama toxumu və 1,5 mln. ədəd tut tingi ölkəyə gətirilib. Nazirlik tərəfindən keçirilən tenderlərdə Çin şirkətlərinin iştirakı məqsədəuyğun hesab edilir.
Nazir müavini, həmçinin Azərbaycanda yuksək orqanik kənd təsərrüfatı məhsullarının istehsal olunduğunu qonaqların nəzərinə çatdıraraq ixracyönümlü məhsullarımızın Çinə ixrac olunmasında maraqlı olan Çin şirkətlərini ölkəmizə dəvət edib.
“Norinco İnternational Cooperation Ltd” şirkərinin idarə heyətinin sədri Vang Yuetaonun Azərbaycanla aqrar sahədə əlaqələrinin daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.*
A.Axundov