2017-ci ilin yanvar-iyun aylarında Azərbaycan əhalisinin sayı 0,4% və ya 40,096 min nəfər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İyulun 1-nə respublika əhalisinin sayı 9 mln. 850,077 min nəfərə çatıb.
Ölkədə əhalinin sıxlığı bir kvadrat kilometrə 114 nəfərdir.
Əhalinin 53%-i şəhər, 47%-i isə kənd sakinləridir.
Əhalinin 49,9%-ni kişilər, 50,1%-ni qadınlar təşkil edir.
Hazırda hər 1000 kişiyə orta hesabla 1006 qadın düşür.
Yanvar-iyun aylarında ölkə üzrə 68,885 min doğulan körpə qeydə alınıb və əhalinin hər 1000 nəfərinə bu göstərici 14,3 təşkil edib. Doğulan körpələrin 53%-i oğlan, 47%-i isə qız uşaqlarından ibarətdir. Körpələrin 1,208-i əkiz, 27-i isə üçəm doğulanlardır.
Qeyd olunan dövrdə 29,477 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə ölənlərin sayı 6,1 təşkil edib.
Yanvar-iyun aylarında ölkədə qeydiyyat şöbələri tərəfindən 27,153 min nikah və 7,287 min boşanma halı qeydə alınıb.
Bu dövrdə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 1,487 nəfər gələn və 799 nəfər ölkədən gedən qeydə alınıb.**
R.Babayev