2017-ci ilin birinci yarısında Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ – “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun işlənməsi üzrə operator) SOCAR-a (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, ARDNŞ) AÇG blokundan 1,8 mlrd. kubmetr səmt qazı verib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2016-cı ilin birinci yarısında ABƏŞ SOCAR-a 1,31 mlrd. kubmetr səmt qazı verib. Beləliklə, cari ilin yanvar-iyun aylarında SOCAR-ın ABƏŞ-dən aldığı səmt qazının həcmi 37,4% artıb.
“Birinci yarımillik ərzində SOCAR-a orta hesabla sutkada 10 mln. kubmetr səmt qazı tədarük etmişik (2016-cı ilin birinci yarısında - 7,2 mln. kubmetr qaz - İF-Az). Bu dövrdə AÇG blokundan hasil olunan səmt qazının qalan həcmi təzyiqin dəstəklənməsi məqsədilə yenidən laylara doldurulub”, - deyə məlumatda qeyd olunur.
AÇG-dən hasil olunan səmt qazı SOCAR-a pulsuz verilir.
Xəbər verildiyi kimi, 2016-cı ildə ABƏŞ SOCAR-a 2,75 mlrd. kubmetr səmt qazı tədarük edib. **
N.Abbasova