“BP-Azerbaijan” şirkəti 2017-ci ilin birinci yarısında “Şahdəniz” yatağından 5,1 mlrd. kubmetr qaz hasil edib. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinə şirkətdən məlumat verilib.
Ötən ilin I yarısında “Şahdəniz” yatağından 5,4 mlrd. kubmetr qaz hasil edilib. Beləliklə, bu ilin hesabat dövründə yataqdan hasilatın həcmi 5,6% azalıb.
“Həmçinin 2017-ci ilin I yarısında “Şahdəniz” yatağından 1,2 mln. ton kondensat (azalma 7,7% - İF-Az) hasil edilib. Hazırda yataqda möcvud hasilat sisteminin maksimal gücü sutkalıq 30 mln. kubmetr qaz və ya illik 10,9 mlrd. kubmetr qaz təşkil edir”, - deyə məlumatda bildirilir.
Hesabat dövründə “Şahdəniz” layihəsi üzrə xərclərin ümumi həcmi $1 mlrd. 889 mln. (azalma 9,8%) təşkil edib, bunun $249 mln.-nu istismar xərcləri, $1,64 mlrd.-nı əsaslı xərclər təşkil edib. Əsaslı xərclərin böyük hissəsi “Şahdəniz” yatağının işlənməsi üzrə “Mərhələ-2” layihəsi çərçivəsindəki işlərə yönəldilib.
2017-ci ilin birinci yarısında Cənubi Qafqaz Boru Kəməri magistralı (CQBK və ya Bakı-Tbilisi-Ərzurum – İF) ilə sutkada orta hesabla 21,4 mln. kubmetr qaz nəql olunub. Bu dövrdə Cənubi Qafqaz Boru Kəmərinə xidmət üzrə əsaslı xərclər $413 mln., istismar xərcləri $14 mln. təşkil edib.
Xəbər verildiyi kimi, 2016-cı ildə “Şahdəniz” yatağından 10,7 mlrd. kubmetr qaz, 2,5 mln. ton kondensat hasil edilib.*
N.Abbasova