2017-ci ilin yanvar-iyul aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə yük daşımalarının həcmi 126 mln. 211,2 min ton təşkil edib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 2,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
2017-ci ilin yanvar-iyul aylarında qeyri-neft yük daşımalarının həcmi 4,4% - 94,6 mln. tona qədər artıb.
Yük daşımalarının strukturunda 80,5% qeyri-dövlət nəqliyyat müəssisələrinin, 19,5% dövlət sektorunun payına düşüb. Bununla yanaşı, 2017-ci ilin yanvar-iyul aylarında qeyri-dövlət nəqliyyat müəssisələri tərəfindən yük daşımalarının həcmi 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,1% artıb.
Hesabat dövrü ərzində dəmir yolu ilə 8 mln. 415,3 min ton (tranzit yüklər daxil olmaqla) yük daşınıb ki, bu da 2016-cı ilin müvafiq dövrünün göstəricisindən 1,6% çoxdur.
Cari ilin yanvar-iyul aylarında dəniz nəqliyyatı ilə 4 mln. 608,4 min ton (artım 52,6%), avtomobil nəqliyyatı ilə 78 mln. 865,4 min ton (artım 2,2%), hava nəqliyyatı ilə 90,8 min ton (artım 6,4%) müxtəlif yük daşınıb.
Hesabat dövründə daxili neft kəmərləri vasitəsilə 24 mln. 733,5 ton neft (azalma 6,3%) nəql olunub. Bununla yanaşı, nəqlin bütün həcminin 78,3%-i və ya 19 mln. 374,2 min ton Bakı-Tbilisi-Ceyhan neft kəmərinin payına düşüb. 2017-ci ilin yanvar-iyul aylarında BTC neft kəməri ilə 3 mln. 759,1 min ton tranzit nefti nəql olunub.
Nəqlin qalan həcmi magistral qaz kəmərlərinin payına düşüb. **
N.Abbasova