“Azərsu” ASC Xaçmaz, Xızı, Altıağac və Qobustan şəhərlərində çirkab su təmizləyici qurğuların layihələndirilməsi və tikintisi üçün podratçı seçir. Bu barədə cəmiyyətin elanında deyilir.
Seçim Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya” layihəsi çərçivəsində həyata keçirilir.
Podratçının vəzifələrinə Xaçmaz şəhərində sutkalıq gücü 20 min kubmetr olan çirkab sutəmizləyici qurğunun, Altıağac və Qobustan şəhərlərində hər birinin sutkalıq gücü 30 min kubmetr olan çirkab sutəmizləyici qurğuların tikintisi daxildir.
Tenderdə baş podratçı, subpodratçı və ya idarəedici podratçı qismində ən azı 5 il iş təcrübəsinə malik olan şirkətlər iştirak edə bilər. Bundan başqa, iddiaçılar son beş ildə sutkalıq gücü 20 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikintisi üzrə $20 mln. dəyərində müqavilədə və sutkalıq gücü 30 min kubmetr olan çirkab sutəmizləyici qurğunun tikintisi üzrə $10 mln. dəyərində müqavilədə baş podratçı qismində iştirak etməlidir.
Tender təklifləri 19 oktyabr 2017-ci il tarixinədək qəbul olunur.*
N.Abbasova