Bünyad Sərdarov adına Maşınqayırma Zavodu Azərbaycanda maşınqayırmanın inkişafına dair yeni investisiya layihəsi hazırlayır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən bildiriblər.
“Layihəni B.Sərdarov adına Maşınqayırma Zavodunun ərazisində reallaşdırmaq nəzərdə tutulur. Layihənin məqsədi zavodun buraxdığı məhsulların keyfiyyətinin və müəssisənin özünün rəqabətə davamlılığının artırılmasıdır. Bununla əlaqədar layihə çərçivsində zavodun istehsal sahələrinin təmiri, müasir avadanlığın alışı və istehsalat sahəsində əsas məhsul növləri üçün Amerika Neft İnstitutunun (API) müvafiq monoqramlarının əldə olunması nəzərdə tutulur”, - hökumətdən bildiriblər.
Layihənin ümumi dəyəri 12 mln. manat məbləğində qiymətləndirilir. Bunun 2 mln. manatı - fərdi vəsait, 10 mln. manatı kredit vəsaitidir.
Layihə 5 il müddətinə reallaşdırılacaq, özünü ödəmə müddəti 4,7 ildir.
“Bu investisiya layihəsinin reallaşdırılması yerli maşınqayırmanın inkişafı, daxili və xarici bazarların yüksək keyfiyyətli meft maşınları ilə təminatı və Azərbaycanın ixrac potensialının artmasına imkan yaradacaq”, - hökumətdən qeyd ediblər. **
N.Abbasova