“Şəmkir Aqroparkı” ərazisində 30 min tonluq taxıl-anbar kompleksi qurulacaq. Bu barədə bazar ertəsi olan “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin təqdimatına və Mərkəzlə tanışlığa həsr olunmuş beynəlxalq konfransda bildirilib. Avqustun 20-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Şəmkir Aqroparkı”ın Logistika Mərkəzinin rəsmi açılışı keçirilib.
“Aqroparkda istehsal olunacaq məhsulların saxlanılması üçün 30 min tonluq taxıl-anbar kompleksinin qurulması, 10 min tonluq kartof saxlama-soyuducu kamerasının yaradılması nəzərdə tutulur”, - konfransda qeyd edilib.
Həmçinin aqroparkda mövcud 1 min hektar pivotaltı sahənin genişləndirilərək 2017-ci ildə 2 min hektar, 2018-ci ildə 1,6 min hektar olmaqla, ümumilikdə 4,6 min hektara çatdırılması planlaşdırılır.
“Bu ilin payızında 3 min hektar pivolatı sahəyə taxıl əkilməsi və 15 min ton məhsul istehsalı, 2018-cil ildə isə 3 min hektar qarğıdalı əkilməsi və 30 min ton məhsul götürülməsi nəzərdə tutulur. İntensiv bağçılığın yaradılması məqsədilə isə 2,4 min hektarda damlama suvarma sistemlərinin quraşdırılması layihələndirilib. Nəticədə gələcəkdə 36 min ton məhsul istehsal olunacaq. Pivotaltı sahəyə gələcəkdə növbəli əkin prinsipinə uyğun olaraq soya, kartof, soğan və digər bitkilər də əkiləcək”, - konfransda vurğulanıb.
Pivotaltı sahələrə ötən il şəkər çuğunduru əkilərək 14 min ton məhsul yığılıb və İmişli şəkər zavoduna təhvil verilib. Cari ildə həmin pivotaltı sahəyə qarğıdalı bitkisi əkilib.
Sözügedən məhsulların saxlanılması üçün 8 min hektar torpaq sahəsini əhatə edəcək aqrotexniki qulluq prosesini vaxtında yerinə yetirmək məqsədilə aqroservis bazasının genişləndirilməsi üçün ABŞ-ın “John Deere” şirkətinin istehsalı olan 30 adda müasir kənd təssərrüfatı texnika və avadanlıqlarının alınması da planlaşdırılır.
“Nəticədə 5 min daimi, 1,5 min mövsümü iş yeri yaradılacaq”, - konfransda qeyd olunub.
Aqroparkın ümumi sahəsi 8604 hektar təşkil edir. Könüllü kənd ərazisində 604 hektar, “Ceyrançöl” massivində isə 8000 hektar müvafiq torpaq sahəsi ayrılıb. Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə 2014-cü ildə Şəmkir rayonunda “Şəmkir Aqroparkı”nın Logistika Mərkəzinin təməli qoyulub.
SKMF “Şəmkir Aqroparkı”nda 100 mln. manat ümumi məbləğdə layihələrin reallaşdırılmasına 22,7 mln. manat həcmində dövlət güzəştli kredit təqdim edib. Ərazidə zəruri infrastrukturun yaradılması məqsədilə dövlət büdcəsindən 3,2 mln. manat məbləğində vəsait ayrılıb. Aqropark üçün 10 ədəd müasir “New Holland” markalı traktor və 45 adda müxtəlif kənd təsərrüfatı maşın və qoşqu avadanlıqları lizinq yolu ilə alınıb. **
A.Axundov