“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC-yə məxsus “Şamaxı” tankerinin təyinatı dəyişdirilir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə gəmiçilikdən məlumat verilib.
«Hazırda “Bibiheybət” Gəmi Təmiri Zavodunda gəminin təmiri üzrə son işlər görülür.Təmir işləri yekunlaşmaq üzrədir. Gəmi təmirdən sonra təmizləyici stansiya kimi fəaliyyət göstərəcək. Bununla əlaqədar gəmidə böyük həcmdə modernizasiya işləri aparılıb», - deyə məlumatda bildirilir.
İndiyədək gəmidə baş və köməkçi mühərriklər, nasoslar, separatorlar, boru sistemləri, elektrik avadanlıqları, işçi heyətin yaşayış kayutları, sanitar qovşaqlar və yeməkxana təmir olunub.
Gəmi tərsanəyə qaldırılarkən gövdənin yararsız hissələri tamamilə dəyişdirilib. Onun hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları təmir olunduqdan sonra sualtı və suüstü hissələri təmizlənərək rənglənib.
“Təmir müddətində gəmidə müasir yeni buxar qazanı və elektrik idarəetmə sistemi quraşdırılıb. Onun burun hissəsində sağ və sol bortlarda layihə əsasında yeni təmizləyici stansiya inşa olunub və boru xətləri çəkilib. Əvvəlki istifadədə olan təmizləyici stansiyadan fərqli olaraq “Şamaxı” gəmisi özü hərəkət edəcək”, - deyə məlumatda qeyd olunur.*
N.Abbasova