İnvestisiya təşviqi sənədləri (İTS) əsasında sahibkarlıq subyektləri tərəfindən 30,5 milyon ABŞ dolları dəyərində ümumi güzəşt əldə olunub. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“İnvestisiya təşviqi sənədləri əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların güzəştli şərtlərlə idxalı üçün 169 sahibkarlıq subyektinə 744 təsdiqedici sənəd təqdim edilib. Təsdiqedici sənədlər əsasında sahibkarlıq subyektləri tərəfindən əldə olunan ümumi güzəştin dəyəri 30,5 milyon ABŞ dollarıdır”, - deyə məlumatda bildirilir.
İnvestisiya təşviqi sənədi verilmiş layihələrin reallaşması nəticəsində yerli istehsala 1,6 milyard manat investisiya yatırılması nəzərdə tutulur. Verilmiş 182 investisiya təşviqi sənədinin 38%-i kənd təsərrüfatı, 62%-i isə sənayeyönümlü layihələrdir. Ən çox investisiya təşviqi sənədi intensiv bağçılıq, bostançılıq və çayçılıq, qida məhsullarının istehsalı, rezin və plastmas məmulatların istehsalı sahələrində reallaşdırılan layihələrə verilib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, bu layihələrin reallaşdırılması nəticəsində 11 mindən çox yeni iş yeri açılacaq.*
A.Axundov