Azərbaycan yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
«2017-ci ilin 7 ayı ərzində qeyri-neft sektoru üzrə 855 milyon ABŞ dolları dəyərində mal ixrac edilib», - deyə məlumatda bildirilir.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2016-cı ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə $662,1 mln. dəyərində mal ixrac edilib. Bununla da qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 29,1% artıb.
Mərkəzin məlumatında deyilir ki, bu ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixracda birinci yeri pomidor (tomat) (127,9 milyon ABŞ dolları), ikinci yeri qızıl (60,7 milyon ABŞ dolları), üçüncü yeri isə xüsusi kütləsi 0,94-dən az olan ilkin formalı polietilen (54,4 milyon ABŞ dolları) tutur.
Qeyri-neft məhsullarının ixracı üzrə aparıcı ölkələrin ilk beşliyində Rusiya ($311 mln.), Türkiyə ($178 mln.), Gürcüstan ($78 mln.), İsveçrə ($77 mln.) və Türkmənistanın ($38 mln.) adı var. İyulda Azərbaycan məhsullarının ixrac olunduğu ölkələrin beşliyinə Rusiya ($37 mln.), Türkiyə ($34 mln.), İsveçrə ($10 mln.), Gürcüstan ($9 mln.) və Türkmənistan ($5 mln.) daxildir.*
A.Axundov