2017-ci ilin yanvar-iyul aylarında “Azexport.az” portalına $263,4 mln. ümumi məbləğdə ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatında deyilir.
“Portala 2017-ci ilin yanvar ayında $48 mln., fevralda $6.5 mln., martda $27 mln., apreldə $29.9 mln., mayda $19 mln., iyunda isə $62.3 mln., iyulda $71,6 mln. dəyərində ixrac sifarişləri daxil olub”, - məlumatda deyilir.
İxrac sifarişlərinin 19%-i Rusiya, 7,8%-i Ukrayna, 7,4%-i Türkiyə, 4,8%-i Səudiyyə Ərəbistanı və 4,8%-i ABŞ-ın payına düşür.
“İyul ayında daxil olan sifarişləri məhsullar üzrə təhlil etdikdə aydın olur ki, qida sənayesi məhsulları başda olmaqla qeyri-neft sektorunda istehsal olunan müxtəlif məhsullara - fındıq ləpəsi, şərab, kosmetik vasitə, tütün, göbələk, uşaq iç geyimi, konservləşdirilmiş inək əti, quru süd, mebel, toyuq yumurtası, dondurulmuş toyuq əti, albalı şirəsi, ipək xalça, mahlıc, pambıq linti, alma, kərə yağı, avtomobil diaqnostika qurğusu, mühərrik yağı və s. tələbat böyükdür”, - məlumatda qeyd olunur.
2016-cı ilin dekbar ayında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Azexport.az” portalını istifadəyə verib. **
A.Axundov