Bakı Roma ilə ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsini vacib hesab edir. Bunu prezident İlham Əliyev deyib.
Dövlət başçısı avqustun 24-də İtaliya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Auqusto Massarinin etimadnaməsini qəbul edib.
Prezidentin rəsmi saytında verilən məlumata görə, əməkdaşlığımızda balansın gözlənilməsi, həmçinin ticarət dövriyyəsinin daha da artırılması üçün iqtisadi əməkdaşlığın şaxələndirilməsinin vacibliyini qeyd edən dövlət başçısı buna təkcə neft təchizatının artırılması yolu ilə deyil, ticarət əlaqələrini daha da inkişaf etdirməklə nail olmağın əhəmiyyətini vurğulayıb.
O hesab edir ki, tərəfdaşlıq əlaqələrinin müxtəlif sahələrdə daha da genişləndirilməsi üçün bir çox imkanlar mövcuddur.
Azərbaycan ilə İtaliya arasında əlaqələrin uğurla inkişaf etdiyini deyən İ.Əliyev ölkələrimizin bir çox sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə tərəfdaş olduğunu qeyd edib.
O, “Cənub Qaz Dəhlizi” layihəsi üzrə də işlərin uğurla davam etdirildiyini bildirib.
“Prezident İ.Əliyev ölkəmizdə investor şirkətlərin sayının artırılması üçün yaxşı imkanların mövcud olduğunu, bunun hər iki istiqamət üzrə ixrac məhsullarının həcminin artırılmasına xidmət edəcəyini vurğulayıb”, - deyə məlumatda bildirilir.
Səfir Auqusto Massari Azərbaycan ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq Sazişi ilə bağlı aparılan danışıqlara İtaliya tərəfinin dəstəyini qeyd edib.
Söhbət zamanı iki ölkə arasında iqtisadi, kosmik sənaye, infrastruktur layihələri, kənd təsərrüfatı, ticarət, təhsil, mədəniyyət, səhiyyə və digər sahələrdə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün yüksək potensialın olduğu bildirilib.*
F.İsazadə