“Buta Airways” aviaşirkətinin hava gəmiləri parkındakı “Embraer 190” təyyarələrinin sayı 8-ə çatdırılacaq. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Cümə günü Azərbaycan prezidenti İlham Əliyev “Buta Airways” aviaşirkətinin Bakıya gətirilən ilk “Embraer 190” təyyarəsi ilə tanış olub.
“Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov məlumat verdi ki, ekonom sinif modifikasiyalı bu təyyarə 106 sərnişin tutumuna malikdir.
Onun sözlərinə görə, yaxın günlərdə şirkətin daha bir yeni “Embraer 190” təyyarəsinin Bakıya gətirilməsi nəzərdə tutulur. Aviaşirkətinin hava gəmiləri parkındakı təyyarələrin sayı 8-ə çatacaq.
Xəbər verildiyi kimi, “Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. Aviaşirkətin əsası 2016-cı ilin dekabrında qoyulub. Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir.
Aviaşirkətin ilk reysi sentyabrın 1-nə Tbilisiyə planlaşdırılıb.
Qış mövsümünün başlanması ilə (bu ilin oktyabr ayının 29-dan) “Buta Airways”in marşrut şəbəkəsinə İstanbul (“Sabiha Gökçen” Hava Limanı) və Sankt-Peterburq kimi şəhərlər də əlavə olunacaq.
Bütün istiqamətlər üzrə minimal tarif cəmi 29 avro (bir tərəfə) təşkil edir.
Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir. **
R.Babayev