Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah-sursat anbarında yanğınla müşayiət olunan partlayışda yaralanan altı nəfərdən sonuncusu evə buraxılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Səhiyyə Nazirliyindən məlumat verilib.
“Hadisə nəticəsində yüngül dərəcəli bədən xəsarətləri alan hərbiçi Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzindən buraxılıb”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, bazar günü Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində baş vermiş yanğın nəticəsində həmin hərbi hissənin utiləşmə üçün hazırlanmış silah-sursat anbarında partlayışlar baş verib. Hadisə nəticəsində altı nəfər yaralanıb.
Hərbi qulluqçu olmayan 5 nəfər ilkin tibbi yardım göstərildikdən sonra dünən buraxılıb.
Prezident İlham Əliyevin tapşırığına əsasən, hadisənin baş vermə səbəblərinin müəyyənləşdirilməsi və müvafiq təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi məqsədilə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər, Səhiyyə nazirlikləri, DSX, Baş Prokurorluq, yerli icra strukturları və digər dövlət orqanlarının nümayəndələrindən ibarət komissiya yaradılıb. **
F.İsazadə