Ötən gün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla əlaqədar hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır. Bu barədə nazirliyin məlumatında deyilir.
“Utilləşmə məqsədilə hərbi hissənin ərazisinə toplanmış silah-sursat hazırda əhali, eləcə də şəxsi heyət üçün təhlükə yaratmır və partlamış köhnə sursatların Silahlı Qüvvələrin döyüş hazırlığına heç bir təsiri yoxdur”, - deyə məlumatda qeyd olunur.
Partlayışın nəticələrinin aradan qaldırılması və digər məsələlərin araşdırılması istiqamətində intensiv surətdə işlər davam etdirilir.
Məlumatda bildirilir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin silah anbarında baş vermiş yanğınla bağlı yaradılmış qərargahın toplantısı keçirilib. Növbəti dəfə əraziyə baxış keçirən müdafiə naziri general-polkovnik Zakir Həsənov idarə və xidmət rəislərinin iştirakı ilə xidməti müşavirə keçirib, digər dövlət qurumları ilə qarşılıqlı və əlaqəli fəaliyyətin davam etdirilməsi barədə müvafiq göstəriş və tapşırıqlar verib.*
F.İsazadə