Azərbaycan Xarici İşlər Nazirliyi Kanada parlamentinin üzvü Toni Klemanın adını “arzuolunmaz şəxslər” siyahısına daxil edəcək. Bu barədə XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev KİV-ə açıqlamasında bildirib.
“T.Klemanın adı Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş ərazilərinə qanunsuz səfərinə görə XİN-nin “arzuolunmaz şəxslər” siyahısına salınacaq”, - H.Hacıyev bildirib.
O, T.Klemanın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərinin təşkilini “Ermənistanın növbəti siyasi təxribatı” hesab edir.
XİN qeyd edir ki, T.Klemanın bu qanunsuz səfəri maddi maraq müqabilində həyata keçirilib. Məlumata əsasən, Kanada parlamentinin üzvünün səfəri sıx əlaqələri olduğu erməni milli komitəsinin Kanada bürosu və erməni lobbisi tərəfindən təşkil edilib.
“Ümid edirik ki, Kanada parlamentinin müvafiq etik komitəsi onun ölkə xaricindəki bu əməllərini araşdıracaq”, - H.Hacıyev qeyd edib.
Bundan başqa, T.Klemanı müşayiət edən Məjid Əl-Şəfi adlı şəxs QHT rəhbəri olsa da, Ermənistan propaqanda məqsədilə qəsdən onu da Kanada parlament üzvü kimi təqdim edir.
“Sözügedən məsələ ilə əlaqədar Azərbaycanın narahatlığı və narazılığı Kanada Xarici İşlər Nazirliyinə və Kanadanın parlamentinə çatdırılıb. Həmin şəxslərin adı "arzuedilməz şəxslər" siyahısına daxil ediləcək”, - H.Hacıyev bildirib.**
F.İsazadə