Xaçmaz rayonu ərazisindəki meşə massivində və Şahdağ Milli Parkında baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin məlumatında deyilir.
“Avqustun 31-də Oğuz Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin Xaçmaz meşəbəyliyinin 3 saylı dolayının ərazisində baş vermiş yanğın nəticəsində 120 ha meşə zolağı (sıx kol-kos, quru ağaclar və onların qalıqları) və Şahdağ Milli Parkının ərazisində 10 ha sahədə kol-kos və quru ağaclar yanıb. Meşənin və parkın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın sentyabrın 5-də saat 08:56-da söndürülüb”, - deyə məlumatda bildirilir.
Yanğının söndürülməsi işlərində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin şəxsi heyəti və texnikası, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin canlı qüvvəsi iştirak edib.*
F.İsazadə