Dünyada baş vermiş iqtisadi böhran dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bunu prezident İlham Əliyev sentyabrın 5-də MDB üzv dövlətləri Ali Maliyyə Nəzarəti Orqanları Rəhbərləri Şurasının Bakıda keçirilən XVII sessiyasının iştirakçıları ilə görüşdə deyib.
“Son illər dünyada baş vermiş iqtisadi və maliyyə böhranı dövlət xərclərinin daha da optimallaşdırılmasını zəruri edir. Bu baxımdan ölkələrimizin maliyyə nəzarəti orqanlarının üzərinə daha çox məsuliyyət düşür”, - deyə o bildirib.
Dövlət başçısının sözlərinə görə, Azərbaycanda xərclərə dövlət nəzarəti ilə bərabər ictimai nəzarətə də böyük diqqət yetirilir.
Prezident İlham Əliyev tədbirdə müzakirələrin və təcrübə mübadiləsinin konstruktiv və səmərəli şəkildə keçiriləcəyinə ümidvar olduğunu bildirib.
Ölkələrimiz arasında maliyyə nəzarəti sahəsində təcrübə mübadiləsinin zəruriliyinə toxunan prezident İlham Əliyev vurğulayıb ki, bizim ölkələr keçid və islahatlar dövründə demək olar, eyni problemlərlə üzləşiblər. Ölkələrimizin qarşısında maliyyə nəzarəti sahəsində duran problemlərin həlli baxımından sessiyada aparılacaq müzakirələr önəmlidir və əlbəttə ki, dövlət nəzarəti mexanizminin daha da təkmilləşdirilməsi sıx koordinasiya tələb edir.*
A.Axundov