“Azərbaycan İpoteka Fondu” ASC (AİF) fondun 2017-ci il üçün maliyyə hesabatının auditi ilə əlaqədar auditorlardan təkliflərin qəbul müddətini yenidən uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
Seçim təkliflər sorğusu metodu ilə keçirilir.
“Auditor şirkətlərindən təkliflər sentyabrın 25-dək qəbul olunacaq. Təkliflər paketi sentyabrın 26-da açılacaq”, - deyə məlumatda bildirilir.
AİF 2005-ci ilin dekabrında yaradılıb və 2006-cı ilin martında ipoteka kreditlərinin verilməsinə başlayıb.
Azərbaycanda sosial ipotekanın verilməsinə 2007-ci ildən başlanılıb və 6 ay davam edib. AİF 2009-cu il iyunun 1-dən kommersiya şərtləri ilə ipoteka kreditlərinin verilməsi prosesini bərpa edib. Kommersiya şərtləri ilə ipoteka kreditləri dövlət büdcəsi vəsaitlərinin hesabına deyil, fondun öz istiqrazlarını buraxmasından cəlb etdiyi vəsaitlər hesabına verilir.
Kommersiya şərtləri ilə ipoteka kreditləri manatla və yalnız Azərbaycan vətəndaşlarına verilir. Kreditlər 3 ildən 25 ilədək müddətə verilir. Kreditin maksimum həcmi 50 min manatı keçməməlidir. Kredit illik 8%-dən çox olmayan dərəcə ilə verilir. İlkin ödəniş 15-25% təşkil edir.
Dövlət büdcəsindən yalnız sosial ipoteka maliyyələşdirilir. Onun maksimal məbləği 100 min manat təşkil edir, illik faiz dərəcəsi 4%-dən çox deyil. İlkin ödəniş 15% təşkil edir.*
A.Əzizov