Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Gürcüstanın baş nazirinin müavini, XİN başçısı Mixeil Canelidze beynəlxalq səviyyədə qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər.
Azərbaycan XİN-in məlumatına görə, bu gün Bakıda E.Məmmədyarovla M.Canelidze arasında görüş keçirilib.
“Tərəflər Azərbaycan və Gürcüstan arasında beynəlxalq gündəlikdə duran məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü bildirərək, beynəlxalq və regional təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər”, - deyə məlumatda bildirilir.
M.Canelidze Gürcüstanda baş vermiş meşə yanğınlarının söndürülməsi prosesində göstərilən dəstəyə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib.
Görüşdə Azərbaycan və Gürcüstan arasında dostluq, qarşılıqlı hörmət, bir-birilərinin daxili işlərinə qarışmamaq və mehriban qonşuluq prinsipləri əsasında strateji tərəfdaşlıq əlaqələrinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə edilib.
Görüşdə enerji və nəqliyyat sahəsində iki ölkə arasında əməkdaşlığın irimiqyaslı və qarşılıqlı faydalı layihələrin həyata keçirilməsi üçün imkanlar yaratdığı, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin uğurlu təcrübəsi əsasında Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi"nin icrası istiqamətində ölkələrimiz arasında fəal əməkdaşlığın olduğu qeyd olunub.
Nazirlər Bakı-Tbilisi-Qars (BTQ) dəmiryol xəttinin inşasının tezliklə başa çatdırılması üçün səylərin gücləndirilməsinə dair ətraflı fikir mübadiləsi aparıb və BTQ-nin fəaliyyətə başlaması ilə ticarət dövriyyəsinin artacağını əlavə edib, həmçinin "Cənub-Qərb" nəqliyyat dəhlizi istiqamətində də geniş imkanlar olduğunu vurğulayıblar.
Bu xüsusda nazirlər birgə mühüm infrastruktur layihələri həyata keçirən Azərbaycan, Gürcüstan və Türkiyə arasında artıq formalaşmış üçtərəfli tərəfdaşlıq mexanizminin mühüm əhəmiyyətini vurğulayıblar.
“Tərəflər 3 dövlət arasında yaradılan mexanizmin unikal və çox effektli olduğunu deyərək, bu çərçivədə maliyyə, iqtisadiyyat, gömrük və müdafiə nazirlərinin də görüşlərinin baş tutduğunu əlavə edib, Azərbaycan və Gürcüstan arasında beynəlxalq gündəlikdə duran məsələlər üzrə mövqelərin üst-üstə düşdüyünü bildirərək, beynəlxalq və regional təşkilatlar çərçivəsində mövcud əməkdaşlığın və qarşılıqlı dəstəyin davam etdirilməsinin vacibliyini qeyd ediblər”, - deyə XİN-in məlumatında bildirilir.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.*
F.İsazadə