Xarici işlər naziri Elmar Məmmədyarov Ermənistanı Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində qeyri-konstruktiv mövqe nümayiş etdirməkdə ittiham edib.
“E.Məmmədyarov Türkiyəninxarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində aparılan danışıqlar prosesi və Ermənistanın qeyri-konstruktiv siyasəti barədə məlumat verib”, - deyə XİN-in mətbuat xidmətinin məlumatında bildirilir.
Nazir E.Məmmədyarov münaqişənin həllində irəliləyişə nail olmaq üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalı olduğunu bildirib.
Görüşdə iki qardaş dövlət arasında əməkdaşlığın bütün sahələrdə yüksək səviyyəli inkişafından və müxtəlif formatlarda keçirilən görüşlərin ikitərəfli münasibətlərə verdiyi töhfədən məmnunluq ifadə olunub. Bu xüsusda, ikitərəfli əsasda olduğu kimi Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Türkmənistan-Türkiyə üçtərəfli formatında da əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub.
"Nazirlər iki dövlət arasında beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığı və qarşılıqlı dəstəyi yüksək qiymətləndiriblər, regional nəqliyyat və enerji layihələrinin əhəmiyyətini vurğulayıblar”, - deyə məlumatda bildirilir.*
F.İsazadə