Prezident İlham Əliyev Koreya yarımadasında baş verən hadisələrdən narahatlıq ifadə edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Prezident İ.Əliyev sentyabrın 6-da Koreya Respublikası Milli Assambleyasının sədr müavini Park Cu-sunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
“Park Cu-sun Koreya yarımadasında mövcud gərginlik barədə dövlət başçısına məlumat verib. İ.Əliyev Koreya yarımadasında baş verən hadisələrin narahatlıq doğurduğunu və bunun ciddi təhlükə mənbəyi olduğunu deyərək bu gərginliyin tezliklə sovuşacağına ümid etdiyini bildirib”, - deyə məlumatda bildirilir.
Koreya şirkətlərinin ölkəmizdəki uğurlu fəaliyyətinə toxunan prezident İ.Əliyev həmin şirkətlərin Azərbaycanda böyük tikinti və infrastruktur layihələrində fəal iştirakının önəmini qeyd edib.
“O, ölkələrimizin iqtisadi və siyasi sahələrdə uğurlu əməkdaşlıq etdiklərini, mədəniyyət sahəsində yaxşı əlaqələrin qurulduğunu bildirərək Azərbaycanda Koreya mədəniyyət günlərinin keçirilməsinin əhəmiyyətini vurğulayıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov