“Şahdəniz-2” layihəsi üzrə işlərin 96%-dən çox hissəsi tamamlanıb. Bunu prezident İlham Əliyev deyib.
““Şahdəniz” qaz yatağının işlənilməsi bizim üçün strateji layihədir. İndi mənə məlumat verilib ki, “Şahdəniz-2” qaz yatağının hazırlıq işlərinin səviyyəsi 96 faizdir. Demək olar ki, artıq bu layihə reallaşıb. Bu gəmisiz “Şahdəniz”i böyük səmərə ilə işlətmək mümkün deyil”, - deyə o, sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində bildirib.
Prezident qeyd edib ki, hazırda zavodda dörd yeni gəmi tikilir - ikisi bərə, ikisi tanker.
İ.Əliyev “Xankəndi” gəmisinin tikintisini tarixi hadisə adlandırıb.
“Dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri Azərbaycandadır, Azərbaycanda tikilib”, - deyə o vurğulayıb.
Qeyd edək ki, bu gün "Şahdəniz-2" layihəsi çərçivəsində inşa edilən "Xankəndi" sualtı tikinti gəmisi suya buraxılıb.
Gəminin dəyəri 378 mln. dollar təşkil edir.
"Xankəndi" gəmisi növbəti 11 il ərzində "Şahdəniz" yatağında sualtı quraşdırma və tikinti işləri həyata keçirəcək.
Gəminin uzunluğu 155 metr, eni 32 metr, ümumi çəkisi 17,6 min tondur. Gəmi sualtı əməliyyatlar aparmaq üçün bütün lazımi infrastrukturla təchiz edilib. Gəmi heyəti və mütəxəssislər də daxil olmaqla Xankəndi gəmisinin göyərtəsi maksimum 175 nəfər üçün nəzərdə tutulub.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), ARDNŞ (16,7%), "LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.*
R.Babayev