Yaxın günlərdə “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağı üzrə 2050-ci ilə qədər olan dövrü əhatə edən yeni kontrakt imzalanacaq. Bunu prezident İlham Əliyev deyib.
“Bir neçə gündən sonra “Azəri-Çıraq-Günəşli” yatağı üzrə yeni kontraktın imzalanması nəzərdə tutulur. Biz o yataqdakı fəaliyyətimizi 2050-ci ilə qədər uzadacağıq. Bu da bir daha onu göstərir ki, Azərbaycanın çox böyük neft ehtiyatları var”, - deyə o, sentyabrın 6-da Bakı Gəmiqayırma Zavodunda BP şirkətinin sifarişi ilə “Şahdəniz-2” layihəsi çərçivəsində inşa edilən “Xankəndi” sualtı tikinti gəmisinin təqdimat mərasimində bildirib.
2016-cı il dekabrın 23-də SOCAR və BP-nin əməliyyatçısı olduğu Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) "Azəri-Çıraq-Günəşli" yatağının 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini imzalayıblar. Tərəflər, həmçinin "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun 2050-ci ilədək işlənməsi üçün niyyət məktubu imzalayıblar.
Razılaşma AÇG-yə iri həcmli sərmayələrə və blokun işlənməsinin davam etdirilməsinə yol açacaq. Hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir. AÇG tərəfdaşlığı üzrə işləri BP idarə edəcək.
Niyyət məktubu AÇG blokunun gələcək işlənməsi üçün əsas kommersiya şərtlərini razılaşdırır və tərəflərə növbəti bir neçə ay ərzində danışıqları başa çatdırmaq və tam razılaşdırılmış sazişləri yekunlaşdırmaq imkanı yaradır.*
R.Babayev