Azərbaycanda qeyri-rəsmi məşğulluğun aradan qaldırılmasına dair Tədbirlər Planı hazırlanaraq baxılmaq üçün hökumətə təqdim edilib. Bu barədə baş nazirin müavini Əli Əhmədov məlumat verib.
«Bu gün qarşımızda qeyri-formal məşğulluqdan formal məşğulluğa rahat keçid məsələsi durur», - deyə o, bu gün “Formal məşğulluq sosial hüquqların reallaşdırılması şərti kimi” adlı konfransda vurğulayıb.
Ə.Əhmədovun sözlərinə görə, bu proses əhali arasında işsizlik aşağı səviyyədə saxlanılmaqla reallaşdırılmalıdır.
«Qeyri-formal məşğulluqdan formal məşğulluğa keçid hazırda 5% təşkil edən işsizlik səviyyəsinin artmasına səbəb olmamalıdır. Nəzərə alsaq ki, hər il Azərbaycan əhalisinin sayı 120-130 min nəfər artır, il ərzində 100 minədək yeni iş yeri açılmalıdır ki, işsizlik aşağı səviyyədə olsun», - deyə baş nazirin müavini qeyd edib.
O bildirib ki, qeyri-formal məşğulluğun aradan qaldırılması üçün yaradılan Dövlət Komissiyası bu sahədə vəziyyəti ciddi təhlil edib. «Bu istiqamətdə ciddi addımlar atmaq və qanunvericilik bazasını təkmilləşdirmək lazımdır ki, bu da işçilərin sosial hüquqlarının müdafiəsi institutunu möhkəmləndirməyə və onları daha rahat əmək şərtləri ilə təmin etməyə imkan verəcək», - deyə Ə.Əhmədov əlavə edib.*
R.Babayev