Azərbaycan və Avropa Yenidənqurma və İnkişaf Bankı ölkədə nəqliyyat dəhlizlərinin inkişafı sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir.
Bu məsələ prezidenti İlham Əliyevin Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti Suma Çakrabarti ilə görüşündə müzakirə olunub. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“Tərəflər Avropa Yenidənqurma və İnkişaf Bankının “Cənub Qaz Dəhlizi” layihəsinin maliyyələşdirilməsində iştirakı, Azərbaycanda nəqliyyat dəhlizlərinin inkişafı, özəl sektora dəstək və məişət tullantılarının idarə olunması sahələrində əməkdaşlıq imkanları müzakirə ediblər”, - məlumatda deyilir.
Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq yekunlaşdırıldığını və ya tamamlanma mərhələsində olduğunu deyən İ.Əliyev qarşıda duran yeni iqtisadi inkişaf proqramının əsas məqsədinin ölkəmizdə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi və özəl sektora dəstək vermək olduğunu bildirdi, bu istiqamətdə böyük imkanların mövcudluğunu qeyd etdi. Prezident nəqliyyat, yeni logistik mərkəzlərin yaradılması ilə bağlı planların həyata keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğuladı.
İndiyədək Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda layihələrə 3 milyard dollar ayırıb. Bu vəsaitin böyük hissəsi özəl sektorun inkişafına yönəldilib. **
A.Axundov