NATO Hərbi Komitəsinin sədri general Petr Pavel onun Bakıda Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşünün təşkilinə göstərdiyi köməyə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatında deyilir.
“Sentyabrın 7-də müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə səfərdə olan NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. P.Pavel Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə ikitərəfli görüşün məhz Bakıda keçirilməsi üçün göstərilən səylərə görə Azərbaycan dövlətinin rəhbərliyinə dərin minnətdarlığını bildirib”, - deyə məlumatda vurğulanır.
Qeyd edək ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov bu gün Bakıya gəlib. O, P.Pavellə danışıqlar aparacaq. "Danışıqlar zamanı aktual beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirə edilməsi planlaşdırılır", - deyə RF Müdafiə Nazirliyinin məlumatında qeyd olunur.
Səfər çərçivəsində V.Gerasimovun prezident İlham Əliyev və Azərbaycan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkovla görüşü planlaşdırılıb.
Şimali Atlantika Alyansının mətbuat xidmətindən isə bu görüşün iki general arasında 3 mart 2017-ci il tarixində baş tutmuş telefon danışığının davamı olduğunu bildiriblər.*
A.Əzizov