Cümə axşamı müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavelin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə nazirlikdən məlumat verilib.
“N.Sadıkov Şimali Atlantika Alyansı ilə hərbi əlaqələrin uğurla inkişaf etdiyini qeyd edərək Azərbaycan ilə NATO arasında hərbi əməkdaşlıq, o cümlədən Silahlı Qüvvələrimizin müxtəlif proqramlar çərçivəsində fəaliyyəti, Əfqanıstanda həyata keçirilən “Qətiyyətli dəstək” qeyri-döyüş missiyasına verilən töhfə haqqında ətraflı danışıb”, - məlumatda deyilir.
Həmsöhbətlər həmçinin bölgədəki hərbi-siyasi vəziyyəti müzakirə ediblər. N.Sadıkov Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq hüquq normaları çərçivəsində həllinə nail olunmasının vacibliyini vurğulayıb.
NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirən Baş Qərargah rəisi Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib. **
F.İsazadə