Azərbaycan Dövlət Neft Fondunun cari aktivləri $35 mlrd. təşkil edir. Bu barədə Fondun icraçı direktoru Şahmar Mövsümov bəyan edib.
“ARDNF yaradılandan (1999-cu ildə - İF) bura $130 mlrd. vəsait daxil olub. Bu vəsaitdən 75%-i müxtəlif infrastruktur layihələrinin reallaşdırılmasına yönəldilib, 25%-i isə qorunub. Hazırda Fondda 35 mlrd. dollar var. Qanunvericiliyə əsasən, ARDNF ölkə daxilində həyata keçirilən layihələrə investisiya yatıra bilməz. Bizim bütün sərmayələrimiz beynəlxalq, qlobal xarakter daşıyır. Bizim kifayət qədər diversifikasiya olunmuş portfelimiz var. Bütün dünyada yatırım edirik, müxtəlif növ aktivlərimiz var”, - Ş.Mövsümov “Казинформ” Agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, hökumət Fond ilə birgə xüsusi formula üzrəində çalışır. Ona əsasən, neft gəlirlərinin istifadəsinin yuxarı həddi hesablanacaq. “Cari ilin sonuna kimi bu formulanın, fiskal qaydanın hazırlanaraq təsdiq olunacağını planlaşdırırıq”, - o qeyd edib.
Ş.Mövsümov vurğulayıb ki, Fondun vəsaitinin əsas hissəsi müəyyən olunmuş gəlirli alətlərə, dünyanın ən iri şirkətlərinin səhmlərinə yatırılıb. “Biz daşınmaz əmlaka sərmayə yatırırıq, London, Paris, Tokio, Seul, dünyanın müxtəlif şəhərlərində daşınmaz əmlaka investisiya yatırırıq. Müvafiq olaraq, sərmayələr üçün çox geniş meydan var. Əgər son illər hansı fondalara investisiya yatırdığımıza dair konkret olsaq, bu, bütün dünyada iri infrastruktur layihələrə pul yatıran Qlobal İnfrastruktur Fondu, İqlim Dəyişikliyi Fondunu qeyd etmək mümkündür”, - o bildirib. **
A.Axundov