Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədriVasif Talıbov Səmərqənd şəhərindəki İmam Al Buxari ziyarətgahının muzeyinə xüsusi nəfis şəkildə hazırlanmış “Quran” kitabı hədiyyə edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi Özbəkistan mətbuatına istinadən xəbər verir.
“Tədbirdə Azərbaycanın rəsmi şəxsləri və İmam Al Buxari ziyarətgah kompleksinin rəhbəri iştirak edib. Hər iki ölkənin nümayəndələri xalqlarımızın eyni kökə, mədəniyyətə, dinə malik olduğunu, iki xalq arasında əsrlərlə davam edən dostluq münasibətlərindən danışıblar”, - deyə məlumatda bildirilir.
Muzey rəhbəri hədiyyəyə görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Qeyd edək ki, cari ilin iyun ayında Səmərqənddə olan V.Talıbov İmam Al Buxari ziyarətgahında olub və burada muzeydə saxlanılan, müxtəlif dövlət rəhbərləri tərəfindən hədiyyə olunmuş “Quran” kitabları ilə tanış olub. O, muzeydə olarkən buraya Azərbaycandan da nəfis şəkildə hazırlanmış müqəddəs “Quran” kitabının hədiyyə olunmasına qərar verib.*
R.Babayev