Milli Məclisin sədri Oqtay Əsədov ATƏT Parlament Assambleyası (PA) ilə əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edir.
O, sentyabrın 8-də ATƏT PA-nın sədri xanım Kristin Muttonenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Milli Məclisin sədri bu səfərin münasibətlərin inkişafına müsbət təsir göstərəcəyini bildirib, Azərbaycanın nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən ATƏT PA ilə əlaqələrinin genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində danışıqların hazırkı vəziyyəti və perspektivlərindən danışıb. O, təəssüflə vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində danışıqlar prosesinin davam etməsinə baxmayaraq, münaqişə hələ də öz həllini tapmayıb. “Danışıqlar prosesi sonsuz davam edə bilməz və bu məsələnin həllinin həvalə olunduğu Minsk qrupu daha qətiyyətli addımlar atmalıdır”, - deyə o vurğulayıb.
Beynəlxalq təşkilatlarda Azərbaycanla bağlı müzakirələrdə bəzən ikili standartlara yol verildiyini, özlərini insan haqlarının müdafiəçisi hesab edən qurumların Azərbaycanda bir milyondan artıq qaçqın və məcburi köçkünün taleyinə laqeyd münasibət bəslənildiyini vurğulayan spiker deyib ki, işğalçı ölkə ilə əraziləri işğal edilmiş ölkə arasında bərabərlik işarəsinin qoyulması düzgün deyil.*
F.İsazadə