Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2017-ci ilin əvvəlindən müvəkkil kredit təşkilatları vasitəsilə sahibkarlara ümumilikdə 72,5 mln. manat məbləğində güzəştli kredit verib. Bu barədə İqtisadiyyat Nazirliyinin məlumatında deyilir.
Bu vəsaitlər 1056 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 mindən çox yeni iş yerinin açılmasına imkan yaradır.
Sentyabrın 8-də SKMF Qusar rayonunda sahibkarlığın inkişafına dövlət dəstəyinin göstərilməsi ilə bağlı tədbir keçirib.
“Ümumilikdə, indiyədək Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 2 min 400-dən çox investisiya layihəsinin maliyyələşdirilməsinə 186,5 mln. manat güzəştli kredit verilib. Bu gün işgüzar forum çərçivəsində Quba-Xaçmaz iqtisadi rayonunda fəaliyyət göstərən 29 sahibkara 226 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, bağçılıq, mineral su istehsalı və sairə sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 40-a yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq”, - deyə məlumatda bildirilir.
A.Əzizov