2017-ci il avqust ayının 1-nə olan vəziyyətə görə, cari ilin yanvar-iyul aylarında banklar və bank olmayan kredit təşkilatları tərəfindən Azərbaycan iqtisadiyyatına kredit qoyuluşları 21,8% - 12 mlrd. 860,8 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
2017-ci il avqustun əvvəlinə vaxtı keçmiş kreditlərin həcmi 1 mlrd. 812,8 mln. manat (artım 23,1%) və ya bütün kreditlərin 14,1%-ni təşkil edir.
2017-ci il iyulun 1-nə dövlət payına malik olan banklar tərəfindən 2 mlrd. 895,7 mln. manat (azalma 49,6%) və ya bütün kreditlərin 22,5%-i, özəl banklar tərəfindən 9 mlrd. 512,8 mln. manat (azalma 6,9%) və ya bütün kreditlərin 74%-i həcmində kredit verilib. Qalan məbləğ bank olmayan kredit təşkilatlarının payına düşür.
İyulun sonuna verilmiş kreditlərin ümumi həcmindən 7 mlrd. 256,6 mln. manat (azalma 16,2%) milli valyuta, 5 mlrd. 604,3 mln. manat (azalma 28%) xarici valyuta ilə verilib. Yanvar-iyul aylarının yekunları üzrə xarici valyutada kreditlərin xüsusi çəkisi 2016-cı ilin yekunları üzrə 47,3%-ə qarşı 43,6% təşkil edir.
Cari ilin avqust ayının 1-nə olan vəziyyətə görə, bankların kredit qoyuluşlarının strukturunda 2 mlrd. 162,1 mln. manat (bütün kreditlərin 16,8%-i) ticarət və xidmət sahəsinin, 382,1 mln. manat (3%) energetika, kimya və təbii sərvətlər sektorunun, 451,8 mln. manat (3,5%) kənd təsərrüfatı və emal sahəsinin, 620,8 mln. manat (4,8%) daşınmaz əmlak sahəsinin, 639 mln. manat (5%) sənaye və istehsalat sektorunun, 1 mlrd. 59,3 mln. manat (8,2%) nəqliyyat və rabitə sahəsinin, 4 mlrd. 965,9 mln. manat (38,6%) ev təsərrüfatı sahəsinin, qalan məbləğ isə digər sektorların payına düşüb.
Bununla belə, yanvar-iyul aylarında ev təsərrüfatı sahəsinin kreditləşdirilməsi üzrə bankların portfeli 15,2% azalıb.**
A.Əzizov