Vergi ödəməkdən yayınma ittihamı ilə hazırda həbsdə olan “Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev Azərbaycan prezidenti İlham Əliyevə müraciət edib. Bu barədə yerli mətbuat məlumat verir.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçünAzərbaycan prezidenti İlham Əliyevə müraciət edib”, - məlumatda deyilir.
Qazaxıstan Respublikasına səfərdən qayıdandan sonra prezident İlham Əliyevə məsələ ilə bağlı məruzə olunub.
Azərbaycan prezidenti hüquq mühafizə orqanlarına Mehman Əliyevin müraciətinə baxılmasını tapşırıb.
M.Əliyev avqustun 24-də Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1 (vergi ödəməkdən yayınma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə saxlanılıb.
O, 60,08 min manat ($35 min) məbləğində vergini dövlət büdcəsinə ödəməkdən yayınmaqda ittiham olunur.
Yasamal Rayon Məhkəməsinin 25 avqust tarixli qərarı ilə M.Əliyev barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Avqustun 30-da Bakı Apellyasiya Məhkəməsi M.Əliyev barəsində seçilmiş həbs qərarından verilən apellyasiya şikayətini təmin etməyib.
Azərbaycan Mətbuat Şurası M.Əliyevlə bağlı prezident İlham Əliyevə müraciət ünvanlayıb. Müraciətdə M.Əliyevlə bağlı insidentin Azərbaycan qanunları çərçivəsində ədalətli həllini tapmasına dövlət başçısının köməklik göstərməsi xahişi öz əksini tapıb.
“Turan” İnformasiya Agentliyi 1990-cı ilin may ayında təsis edilib. **
F.İsazadə