Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin rəsmi açılış mərasiminin oktyabrın 28-də keçirilməsi gözlənilir. Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov bəyan edib.
“Hər hansı texniki problem yaranmasa, Bakı-Tbilisi-Qars (BTQ) planlaşdırılmış dəmiryolu xəttinin rəsmi açılış mərasimi oktyabrın 28-də keçiriləcək”, - C.qurbanov “AzərTAc” agentliyinə bildirib.
Xəbər verildiyi kimi, Gürcüstan, Azərbaycan və Türkiyə 2007-ci il fevralın 7-də Bakı-Tbilisi-Qars dəmir yolu dəhlizinin yaradılmasına dair hökumətlərarası saziş imzalayıblar.
Layihəyə 68 kilometri Türkiyə, 30 kilometri isə Gürcüstan ərazisindən keçəcək 98 kilometr uzunluğunda Qars-Axalkalaki dəmir yolunun tikintisi, həmçinin Gürcüstanda 183 kilometrlik Axalkalaki-Tbilisi hissəsinin yenidən qurulması daxildir. Gürcüstan hissəsinin tikintisi bu ölkəyə ümumilikdə $775 mln. məbləğində iki güzəştli kredit ayırmış Azərbaycan tərəfindən maliyyələşdirilir.
Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan bəyan edib ki, Bakı-Tbilisi-Qars dəmir yolu ilə illik 34-45 mln. ton yük nəql etmək mümkün olacaq.
“İlkin mərhələdə BTQ vasitəsilə 1 mln. sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir. Ortamüddətli məqsədimiz bu dəhliz ilə illik 20-22 mln. ton yük səviyyəsinə çatmaqdır”, - Ə.Arslan vurğulayıb. **
A.Əzizov