Terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib.Bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini, general-mayor İlqar Musayev bəyan edib.
“Dünyanın müxtəlif yerlərində davam edən hərbi-siyasi qarşıdurmaların, terror fəaliyyətinin acı nəticələri məsafələrdən asılı olmayaraq, ölkəmizin də təhlükəsizliyinə təsir göstərir. Bunlara xüsusən son illərdə geniş vüsət almış dini radikallaşma meyllərinin güclənməsi, dini pərdə altında terrorçu və ekstremist fəaliyyətin yayılması kimi faktorlar da aiddir”, - İ.Musayev çərşənbə axşamı Ağdam rayonunun Quzanlı qəsəbəsində "Vətəni müdafiəyə daim hazırıq" adlı forumunda bildirib.
O, təəssüflə qeyd edib ki, əksəriyyəti gənclər olan bəzi Azərbaycan vətəndaşları radikal və ekstremist təbliğatın təsiri altında Suriya və İraqda fəaliyyət göstərən terrorçu təşkilatlara qoşulublar.
“Məlumatlara görə, onların çoxu döyüşlər zamanı öldürülüb”, - İ.Musayev vurğulayıb.
O əlavə edib ki, “terrorçu təşkilatlara qoşulmuş 82 nəfər Azərbaycana qayıtdıqdan sonra cinayət məsuliyyətinə cəlb olunub”.“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanuna əsasən,terrorçu təşkilatların tərkibində döyüşdüklərinə görə son bir ildə 151 nəfər ölkə vətəndaşlığından məhrum edilib”, - İ.Musayev bildirib. **
F.İsazadə