2017-ci ilin birinci yarısında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 136,6 mln. manat təşkil edib, bu da ötən ilin analoji dövrünün göstəricisindən 37,8% çoxdur.
Gəlirlərin 68,8%-i nömrələrin satışı üzrə xidmətlərdən, 21,4%-i içki və qida məhsullarının satışı üzrə xidmətlərdən, 9,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Dövlət Statistika Komitəsindən qeyd ediblər.
Bununla belə, gəlirlərin 97 mln. manatı (71%-i) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb.
Xidmətlərin göstərilməsinə çəkilən xərclər 105,2 mln. manat olub ki, onların 32,3%-ni əmək haqqı xərcləri, 14,9%-ni içki və yeməklərin hazırlanması üçün alınan mallara çəkilən xərclər, 8%-ni yanacaq və enerji xərcləri, 7,9%-ni bütün növ sosial sığortalar üzrə ayırmalar, 7,3%-ni amortizasiya ayırmaları, 29,6%-ni isə digər xərclər təşkil edib.
İl ərzində bu müəssisələrdə çalışan işçilərin sayı 11,8% - 9,77 min nəfərə qədər artıb. İlk yarımillikdə bir işçiyə düşən orta aylıq nominal əmək haqqının məbləği 579,3 manat təşkil edib.
2017-ci ilin yanvar-iyun aylarında mehmanxana və mehmanxana tipli müəssisələrdə yerləşdirilmiş şəxslərin sayı 602 min nəfər (68,4%-i xarici ölkə vətəndaşları), gecələmələrin sayı 1,081 mln. adam-gecə olub (65,9%).
Gecələmələrin 58,2%-i Bakıda, 9,3%-i Qəbələdə, 5,8%-i Qusarda, 4,1%-i Naxçıvan Muxtar Respublikasında, 2,1%-i Qubada, 1,5%-i Şamaxıda, 1,4%-i Xaçmazda, 17,6%-i isə digər şəhər və rayonlarda yerləşən mehmanxanalarda qeydə alınıb. **
R.Babayev