Azərbaycan prezidenti İlham Əliyevin əfv etdiyi bloger Aleksandr Lapşin gedəcəyi yeri müəyyənləşdirməkdə sərbəstdir. Bu barədə Azərbaycan prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərovbəyan edib.
“Aleksandr Lapşin əfv edildiyi üçün onun hansısa dövlətə verilməsi məsələsi artıq gündəmdən düşüb. Prezidentin əfv sərəncamından sonra Aleksandr Lapşin cəzasının qalan hissəsini çəkməkdən azad edilib və o, gedəcəyi yeri müəyyənləşdirməkdə tam sərbəstdir”, - F.Ələsgərov “AzərTAc” agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, A.Lapşin vətəndaşı olduğu İsrailə getmək arzusundadır. “O, sağlamdır, səhhətində heç bir problem yoxdur və istədiyi zaman İsrailə gedə bilər”, - prezidentin köməkçisi vurğulayıb.
F.Ələsgərov Azərbayxcan prezidentinin blogerin əfv edilməsinə dair qərarını “humanizm” adlandırıb. “Lapşinin həm məhkəmə prosesi zamanı, həm də Azərbaycan prezidentinə ünvanladığı müraciətlərdə törətdiyi cinayətdən səmimi peşmançılıq keçirdiyini etiraf etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirməsi, ailə vəziyyəti, xüsusilə azyaşlı övladının olması nəzərə alınaraq, cənab prezident onun əfv olunmasını mümkün hesab edib və bu barədə müvafiq sərəncam imzalayıb”, - o vurğulayıb.
F.Ələsgərovun sözlərinə görə, 2003-cü ildən Azərbaycanda bəri qəbul edilmiş 5 amnistiya aktı 54 minə yaxın şəxsə tətbiq olunub. “Eyni zamanda, həmin dövr ərzində Azərbaycan prezidenti tərəfindən 3,8 mindən çox şəxsə şamil olunmuş 31 əfv sərəncamı imzalanıb”, - o qeyd edib. **
R.Babayev