Azərbaycan hökuməti xarici kapitalla kommersiya hüquqi şəxslərin onlayn qeydiyyatını tətbiq etməyi planlaşdırır. Bu barədə Vergilər Nazirliyinin Hüquqi şəxslərin dövlət qediyyatı idarəsinin direktoru Samir Seyidəhmədli bəyan edib.
“Hazırda onlayn qeydiyyat sistemi yalnız yerli kapitalla hüquqi şəxslərə şamil edilir. Lakin, xarici kapitalla hüquqi şəxslərə də onlayn qeydiyyatın şamil olunacağı layihə artıq hökumətə təqdim edilib”, - S.Seyidəhmədli “Vergilər” qəzetinə müsahibəsində bildirib.
Onun rəyinə görə, bu, kommersiya fəaliyyəti ilə məşğul olan hüquqi şəxslərin dövlət qeydiyyatını tam avtomatlaşdırmağa imkan yaradacaq.
S.Seyidəhmədli əlavə edib ki, 2017-ci ilin yanvar-avqust aylarının yekunları üzrə yerli kapitalla hüquqi şəxslərin 97,3%-i onlayn qeydiyyat sistemindən istifadə edib.
Bu dövrdə Vergilər Nazirliyi 4,282 min kommersiya hüquqi şəxsi qeydiyya alıb, onların 558-i xarici kapitalla olub. Hüquqi şəxslərin onlayn qeydiyyatı bir gün ərzində həyata keçirilir. **
A.Əzizov