Azərbaycan Vyetnama məhsullarını Avropa bazarına ixracı üçün Şimal-Cənub nəqliyyat dəhlizinin imkanlarından istifadə etməyi təklif edir.
“Şimal-Cənub nəqliyyat dəhlizi Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar təmin edə biləcək”, - xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının Sənaye və Ticarət naziri Tran Tuan Anh ilə görüşdə bildirib. Bu barədə nazirlikdən məlumat verilib.
E.Məmmədyarov Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən Şimal-Cənub və Şərq-Qərb dəhlizləri, ölkədə nəqliyyat sektorunun inkişafı və Bakı portunun imkanlarının artırılması barədə həmsöhbətinə məlumat verdi.
Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən T.T.Anh nəqliyyat və logistika imkanlarının genişləndirilməsinin xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq Azərbaycan tərəfinin bu cəlbedici təklifinin mütləq şəkildə nəzərdən keçiriləcəyini dedi.
“Tərəflər Azərbaycan və Vyetnam arasında iqtisadi, ticarət, enerji, təhsil sahəsində əməkdaşlıq məsələləri, o cümlədən Azərbaycanın neft avadanlığı istehsal edən müvafiq şirkətlərinin məhsullarının Vyetnam bazarına çıxarılması imkanları müzakirə ediblər”, - məlumatda deyilir.
Bu istiqamətdə T.T.Anhın həmsədri olduğu Azərbaycan-Vyetnam Hökumətlərarası Birgə Komissiya Komissiya çərçivəsində müvafiq işlər aparılacaq. **
R.Babayev