Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimləri keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki ölkənin Hərbi Hava Qüvvələrinin iştirakı ilə “TurAz Qartalı - 2017” birgə taktiki-uçuş təlimləri keçiriləcək”, - məlumatda deyilir.
Sentyabrın 18-dən başlayacaq təlimlərdə Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29, F-16, Su-25, C-130 Herkules, CASA CN-235 təyyarələri, Mi-35, Mi-17 və Sikorski S-70 helikopterlərindən ibarət 30-dək aviasiya vasitəsi iştirak edəcək.
“Təlimlərdə hər iki ölkənin Hərbi Hava Qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, əməliyyatların keçirilməsi üzrə qarşılıqlı fəaliyyət, döyüş uzlaşması imkanlarının öyrənilməsi, axtarış-xilasetmə tədbirlərinin icrası, havadan zərbələr endirməklə yer hədəflərinin məhv edilməsi və digər tapşırıqlar yerinə yetiriləcək”, - məlumatda vurğulanır.
Təlimlər sentyabrın 30-dək davam edəcək. **
R.Babayev