Bakı Hanoy ilə Avropa arasında nəqliyyat bağlantısı rolunu oynaya bilər. Bunu xarici işlər naziri Elmar Məmmədyarov Vyetnam Sosialist Respublikasının baş naziri Nquyen Xuan Fuk ilə görüşdə bəyan edib.
E.Məmmədyarov baş nazirə Şimal-Cənub dəhlizi barədə məlumat verib. Onun sözlərinə görə, qeyd edilən dəhliz vasitəsilə Vyetnamın ixrac məhsullarının Avropa bazarına çıxarılması üçün əlverişli imkanlar mövcuddur.
Vyetnamın Avropa İttifaqı bazarına ixracının artmaqda olduğunu qeyd edən N.X.Fuk Azərbaycan tərəfinin bu təklifinin cəlbedici olduğunu, bununla bağlı Vyetnam tərəfinin müzakirələrə açıq olduğunu bildirdi.
Həmçinin baş nazir Azərbaycanla Vyetnam arasında ticarət dövriyyəsinin iki ölkənin mövcud potensialına cavab vermədiyini qeyd edərək, ikitərəfli iqtisadi münasibətlərin inkişaf etdirilməsinin əhəmiyyətindən söz açdı. “Vyetnam bazarı Azərbaycanın neft maşınqayırma sənayesi məhsulları üçün açıqdır”, - N.X.Fuk vurğulayıb.
Görüşdə Vyetnamda istehsal olunan məhsulların Azərbaycan bazarına da ixracı məsələsi müzakirə olundu.
Tərəflər iki ölkənin işgüzar dairələri arasında birbaşa təmasların qurulması əhəmiyyətinə toxunublar. **
R.Babayev