Bakı və Tokio viza rejimini sadələşdirməyi planlaşdırır. Dövlət başçısının saytında verilən məlumata görə, bu barədə Yaponiyanın xarici işlər nazirinin parlamentari müavini Manabu Hori Azərbaycan prezidenti İlham Əliyevlə görüş zamanı bildirib.
“M.Hori Yaponiyanın bütün sahələrdə Azərbaycan ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd etdi. Həmçinin, Azərbaycan ilə viza rejimini sadələşdirməyi planlaşdırdığını bildirdi”, - məlumatda deyilir.
Öz növbəsində İ.Əliyev Yaponiya hökumətinin Azərbaycanda müasir infrastrukturun yaradılmasına kreditlər ayırmasını yüksək qiymətləndirdi.
Enerji sektorunda da ölkələrin uğurla əməkdaşlıq etdiklərini bildirən prezident vurğuladı ki, Yaponiya şirkətləri uzun illərdir Azərbaycanda neft-qaz sektorunun inkişafına mühüm töhfə verirlər.
İ.Əliyev qarşılıqlı ticarət əlaqələrinin daha da genişləndirilməsinin vacibliyini vurğuladı, enerji sahəsi ilə yanaşı, sənaye, azad ticarət zonasında əməkdaşlıq, əczaçılıq, kənd təsərrüfatı, o cümlədən çayçılıq və neft-kimya sahələrində qarşılıqlı sərmayələrin qoyulmasının əhəmiyyətini vurğulayıb. **
R.Babayev